Donna İzabel de Rekesensin portreti
Neapol vitse-kraliçası Donna İzabel de Rekesensin portreti (it. Portrait of Doña Isabel de Requesens y Enríquez de Cardona-Anglesola — əvvəllər Paliano hersoginyası Covanna d’Araqonanın təsvir edildiyinə inanılan, 1518-ci ildə yağlı boya ilə çəkilmiş portretdir. Müxtəlif tədqiqatçılar tərəfindən əsər gah Rafaelə, gah Culio Romanoya, gah da Rafael məktəbindən olan başqa bir rəssama aid edilmişdir; hazırda əsərin Rafaelin eskizi əsasında Culio Romano tərəfindən çəkildiyinə inanılır. Əsər hazırda Parisdəki Luvr muzeyində sərgilənir.
== Tarixi ==
Neapol vitse-kraliçasının portreti, gözəl qadın portretlərini kolleksiya edən Fransa kralı I Fransiskə Papa X Lev adından hədiyyə edilməsi üçün Kardinal Bernardo Dovizi Bibbiena tərəfindən 1518-ci ildə Rafael Santiyə sifariş edilmişdi. Pyer de Burdeyl Brantom portretdə Covanna d’Araqonanın (1502–1575) təsvir edildiyini qeyd etmişdir; 1997-ci ildə aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki, portretdə 1509–1522-ci illərdə Neapol vitse-kralı olmuş Ramon de Kardonanın həyat yoldaşı İzabel de Rekesens təsvir edilmişidr.Vazarinin məlumatına görə, Rafael gənc köməkçilərindən biri olan Culio Romanonu Neapola göndərərək subyektin üzünü çəkməyi tapşırmışdır ; Rafaeldə Culio Romanoya etdiyi sifarişlə bağlı sənəd qalmışdır. Portretdəki üz dəyişdirilmişdir; əks halda Vazarinin təsviri Culio Romano və Rafael tərəfindən çəkilmiş və "Araqonlu İzabella Mona Liza kimi" adlandırılan, Neapollu İzabella adlandırılan Milan hersoginyası Araqonlu İzabellanın təsvir edildiyi portretə də aid edilə bilər.
Sonradan ehtimal ki, həm də Araqonlu İzabellanın portreti üçün istifadə edilmiş Donna İzabel de Rekesensin portretinin eskizinin kim tərəfindən işlənməsi haqqında müxtəlif fikirlər vardır; Luitpold Dassler əsəri Culio Romanonun fırçasına aid edir. Lakin, hazırda hər iki əsərin eskizlərinin Rafael tərəfindən hazırlanması ehtimal edilir, I Fransiskin kolleksiyasına daxil olan Leonardo da Vinçinin "Mona Liza"sına vizual istinadlara görə onlar Rafaelin Cakondaları adlandırılırlar. Araqonlu İzabellanın portretinin kopya olması ehtimalı da vardır ; belə ki, əsərə sahib olan Romadakı Doria-Pamfili qalereyası onu Rafaelin əsərinin kopyası kimi təqdim edir.